Adın müqəddəsdir adına qurban Bəzəmək nə lazım naxışla ana. Əvəzin yox imiş gec anlamışam, Haqqını halal et bağışla ana.
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola, Ürək süqut etməz aldığı mətanətdən. Ricavü-xəfvə məkan vermərəm gər alimlər Min ildə vəz edələr dəhşəti-qiyamətdən.
Pələnglər tuta dövrüm, çəkinmərəm əsla, Və ya ki, vəd edələr dövləti-cahanı mənə. Ki bir kəsə baş əyibiczimi bəyan eyləyim Əyilmərəm nə ki yer, versələr səmanı mənə.
Yanımda gər dura cəllad, əlində şəmşiri, Ölüm gücüylə mənə hökm edə olum təslim. Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun Gücüylə xalqa həqiranə eyləyim təzim.
Cahanda yox elə bir qüvvə baş əyim ona mən, Fəqət nə güclü, zəif bir vücud var yahu! Ki hazıram yıxılıb xaki-payinə hər gün Öpüm ayağını icz ilə. Kimdir o? Nədir o?
Ana, ana… O adın qarşısında bir qultək Həmişə səcdədə olmaq mənə fəxarətdir. Onun əliylə bəla bəhrinə yuvarlansam Yenə xəyal edərəm bəzmi istirahətdir.
Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn! Atıl cahana sən, ey ildırım, alış, parla! Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl! Sən, ey Günəş, yağışın yağdır, ey bulud, ağla!
Bütün bunlar mənə əsər eyləyərmi? Mütləqa yox. Yox. Fəqət ana… O adın qabağında, O pak bağrına bassın məni desin layla Təbəssüm oynadaraq, titrəyən dodağında…
Bütün vücudum əsər, ruhum eyləyər pərvaz, Ucar səmalara o aləmi-xəyalətdə. Yatar, ölər bədənim, nitqdən düşər bir söz: Ana, Ana… Sənə mən rahibəm itaətdə!